Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Beyləqanda vətəndaş qəbulu keçirib
Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlər çatdırılıb.
Komitə sədri nəzərə çatdırıb ki, artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlər aparılır. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu işlərin görülməsi ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşəcək. Bu isə dövlətin müxtəlif kateqoriyalı torpaq sahələrinin səmərəli idarə edilməsi, təyinatına uyğun istifadəsinə effektiv nəzarəti həyata keçirməsinə imkan yaradacaq. Eyni zamanda, vətəndaşların müxtəlif təyinatlı torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daha operativ və dəqiq aparılmasını təmin edəcək.
Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilir. Artıq daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə çıxarış alınması və torpaq sahələrinə texniki sənədlərin verilməsi mümkündür. Komitə sədri komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın sosial əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu tədbirlərin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.
Komitə sədri torpaq sahələrinin mühafizəsi və təyinatına uyğun istifadəsi məsələlərinə də toxunub. Bildirilib ki, torpaqların kateqoriyalarına uyğun istifadəsi ilə bağlı hüquqi tələblərə riayət olunması, torpaqların mühafizə zonaları ilə bağlı qaydaların gözlənilməsi zəruridir. Mühafizə zonalarında, eləcə də təyinatına uyğun olmayaraq torpaq sahələrində özbaşına tikintilərə yol verilməsi qanuna ziddir.
Qəbulda bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.
Qəbulda iştirak edən vətəndaşlar bir ünvanda qeydiyyat prosedurlarının tətbiqindən, göstərilən qeydiyyat xidmətlərindən razılıqlarını və təşəkkürlərini bildiriblər.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.