Yeni onlayn xidmətlər daşınmaz əmlakın alqı-satqısını tamamilə sadələşdirib
Qeyd edək ki, onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.
Komitə tərəfindən tətbiq olunan yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb. Yəni vətəndaş əvvəl yüklülük arayışını almaq üçün ərazi idarəsinə getməli idisə, indi buna ehtiyac yoxdur. Və ya daşınmaz əmlakı barədə reyestrdəki məlumatı almaq üçün idarəyə müraciət etməli idisə, indi onu internet vasitəsilə əldə edir. Əgər vətəndaş əvvəllər notariusda alqı-satqı etdikdən sonra sənədləri yenidən idarəyə gətirmək məcburiyyəti var idisə, indi həmin sənədlər onlayn rejimdə idarəyə göndərilir.
Təkcə onlayn xidmətlərdən istifadənin statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb. Belə ki, indiyədək 183500 vətəndaş komitənin onlayn xidmətlərindən faydalanıb. Qeydiyyat prosesinin bu dərəcədə sadələşməsi alqı-satqı əməliyyatlarının, qeydiyyata alınan əmlakların sayının artmasına səbəb olub. Bununla da vətəndaşların dövlət reyestrindən çıxarışı olan daşınmaz əmlakdan həm hüquqi, həm də iqtisadi mənfəət mənbəyi kimi istifadəsi kütləviləşib.
Beləliklə, bütün bu yeniliklər vətəndaşın vaxtına qənaətə və rahatlığa hesablanıb. Bu isə ondan qaynaqlanır ki, komitə xidmətlərdə sosial amillərin, vətəndaş faktorunun prioritet olmasını daim diqqətdə saxlayır.
Bu səbəbdəndir ki, Əmlak Məsələləri Dövlət Komitəsi nəinki onlayn, eyni zamanda, SMS və elektron xidmətləri də vətəndaşların istifadəsinə verib. Həm bu xidmətlərin özündən istifadə qaydaları çox sadədir, həm də bu xidmətlər vətəndaşlar üçün kifayət qədər rahatlıq və operativliyi təmin edir.
Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
İstifadədə olan SMSxidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.
Elektron xidmətlərin çəkisinin artırılmasında məqsəd xidmətlərdə şəffaflıq və rahatlıq səviyyəsini yüksəltmək, vaxt itkisinin qarşısını almaq, əlçatanlığı, operativliyi və vətəndaş məmnunluğunu təmin etməkdir. Hazırda komitə tərəfindən elektron və onlayn xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Komitə tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə, indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 248 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.