Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası Balakəndə
Balakəndə həyata keçirilən kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərindəcə qeydiyyat xidmətləri göstərilmşidir.
Kampaniya çərçivəsində ümumilikdə 550-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, bu kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-ə yaxın vətəndaşa xidmətlər göstərilib.
Qeyd edək ki, “bir pəncərə” prinsipinin tətbiqi kampaniya çərçivəsində ilk yenilik deyil. Belə ki, 8 aydır davam edən kampaniyada indəyədək bir neçə belə yeniliklər edilmiş və daha geniş formatda həyata keçirilmişdir. İlkin mərhələdə kampaniya zamanı yalnız çıxarışlar təqdim olunurdusa, növbəti yeniliklə həm də mülkiyyət barədə sənədlərin qəbuluna başlandı. Daha sonra kampaniyaya fiziki məhdudiyyətli olan mülkiyyət sahibləri də cəlb olundu. Kampaniyanın davamında kampaniyanın formatı daha da genişləndirildi. Növbəti yenilik isə kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarının keçirilməsi oldu. Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatında hüquqi tələblər, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırıldı.
Bütün bu yeniliklər isə getdikcə kampaniyanın daha böyük əhali kütləsini özünə cəlb etməsinə səbəb olmaqdadır. Kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır. Qeydiyyat arealının genişlənməsinə, etibarlı və təhlükəsiz mülkiyyət sahiblərinin artmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunmasını və vətəndaşların gəlir mənbəyinə çevrilməsini təmin edir.