Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət tətbiq ediləcək
Qeydiyyat prosesinin sadələşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə, elektron və onlayn xidmətlərin tətbiqi, xidmət şəraitinin və dövlət qulluqçularının etik davranış səviyyəsinin yüksəldilməsi bu sahədə atılan ardıcıl addımlardır.
Məhz yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb. Belə ki, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb.
Ümumiyyətlə, qeyd edək ki, əgər əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib. Belə ki, ötən il daşınmaz əmlakın yüklülüyünə dair Forma-1 arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşib. Gələcəkdə isə daha yeni elektron və onlayn xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, komitənin onlayn xidmətləri, o cümlədən təqdimatı keçirilən yeni onlayn xidmət Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində istifadəyə verilib. Bu onlayn xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür. Sistemdə isə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir. Eyni zamanda, yeni onlayn xidmətin tətbiqindən sonra qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı ödənişlərini də onlayn qaydada həyata keçirmək mümkündür. Belə ki, ərizəçi birbaşa alqı-satqı əməliyyatını həyata keçirdiyi məkanda quraşdırılmış onlayn ödəniş terminallarında müvafiq ödənişləri edə bilir. Bununla da, vətəndaşın rüsum və xidmət haqlarını ödəməsi üçün əlavə yerə getməsinə ehtiyac qalmır.
Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Bu sahədə əlavə vaxt itkisinə səbəb olan amillərin aradan qalxmasına səbəb olacaq. Şəffaflıq, rahatlıq və operativliyin yüksəlməsi ilə vətəndaş məmnunluğunun artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Komitə tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 75 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə, indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 220 mindən çox müraciət qəbul edilmiş və qanunvericiliyə uyğun olaraq təmin olunmuşdur.
Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Bu xidmətlərdən 2-si bu ilin əvvəlində istifadəyə verilib. Həmin xidmətlər isə Nazirlər Kabinetinin iyun ayında verilmiş müvafiq Qərarı ilə təsdiq edilib. Bunlara “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu” aiddir. Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
Təqdim edilən onlayn və elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır.
Tədbirdə qeyd olunub ki, Komitənin yeni Əsasnaməsinin təsdiq olunmasından sonra mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik – “bir pəncərə” prinsipi tətbiq edilir. Artıq vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra bilirlər. Bu da qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir.
Komitənin son illərdə fəaliyyətində mütərəqqi addım sosial amillərin gücləndirilməsi və sosial tədbirlərin genişləndirilməsidir. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yerlərdə mobil ofis xidmətləri və “Kütləvi çıxarış” kampaniyası həyata keçirilir . Bununla bağlı hər ay komitənin rəsmi internet səhifəsində mobil xidmət qrafiki də yerləşdirilir. Mobil ofis xidmətinin təşkilində məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaqdır. İndiyədək “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış təqdim olunub. Bundan əlavə, kampaniyadan da əvvəl başlamış mobil ofis xidmətləri vasitəsilə isə 2015-ci ildə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib.
Tədbirin sonunda sorğu nəticələri, eləcə də bu nəticələri özündə əks etdirən Yekun Hesabatla bağlı müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.