Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19   fevral 2014-cü il tarixində “Daşınmaz əmlaklar haqqında Milli  Məkan Məlumat Bazası” nın İctimai Təqdimatı keçirilmişdir.

İctimai Təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, digər dövlət qurumlarının nümayəndələri, həmçinin komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Tədbirin keçirilməsində başlıca məqsəd müasir dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazasının yaradılması istiqamətində görülən işlərin təqdimatıdır.

Həmçinin, əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində həyata keçirilən işlərin işıqlandırılması da tədbirin məqsədlərindədir. 
 
Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrı 3D formatında nümayiş etdirilmişdir. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının məlumat bazasının, Milli Qeydiyyat Sisteminin, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olmuşdur.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbirdə giriş sözü ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi bütün sahələrdə olduğu kimi əmlak-torpaq münasibətlərinin yeniləşməsinə, bu sahədə investisiya fəallığının artmasına, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına təkan vermişdir. 
 
İlk növbədə ölkəmizdə əmlak sahiblərinin, vətəndaşlarımızın və biznes qurumlarının əmlak hüquqlarının etibarlı qorunması, qeydiyyat-kadastr sisteminin modernləşdirilməsi, əmlakdan istifadə imkanlarının genişləndirilməsi istiqamətlərində əlverişli şərait yaradılmışdır.
 
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıqları əsasında son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində ciddi nəticələr əldə etmişdir. İlk növbədə bununla bağlı elektron xidmətlərin göstərilməsi yolu ilə bilavasitə vətəndaş-məmur münasibətlərinin azaldılması və modern xidmətlərin tətbiqi üçün lazımi infrastruktura yaradılması sahəsində işlər görülmüşdür. 
 
 Komitə sədri qeyd etmişdir ki, müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Daşınmaz əmlaklar haqqında vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edir. Bu vahid informasiya bazası ilk növbədə tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən olmalıdır.
 
Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır. Bununla bağlı komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaratmaqdadır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları İnfrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanlarının, bələdiyyələrin, vətəndaşların, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir. 
 
 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son 3 ildə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının (rəqəmsal kadastr xəritələrinin) yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində əhəmiyyətli tədbirlər görülür. Əldə edilən məlumatlar mərkəzləşdirilir, vətəndaşlara, biznes qurumlarına, dövlət orqanlarına və bələdiyyələrə elektron xidmətlərin göstərilməsi, informasiya mübadilələri üçün hazırlanır və istifadə edilir. 
 
Son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür. Almaniyanın maliyyə dəstəyi ilə “Kadastr və  daşınmaz əmlakın qeydiyyatı” layihəsini həyata keçiririk. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün  elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq.
 
Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində komitə tərəfindən işlər görülür. Yaxın zamanda Sistemin tətbiqinə başlanılacaqdır.
 
Hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır. Komitə tərəfindən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlanılıb.
         
Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılmışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakların kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir. 
 
Bildirilmişdir ki, Komitə tərəfindən elektron xidmətləri geniş tətbiq etməklə öz fəaliyyətində şəffaflığın daha da artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür. Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilmişdir. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Qısa zaman ərzində 9000-ə yaxın elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.
 
 Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.
 
 Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Məlumat bazaları elektron formata gətirilib. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən daxil olan torpaq islahatı nəticəsində torpaq əldə etmiş mülkiyyətçilər barədə məlumatlar elektron reyestrə daxil edilir. 
 
Bu fəaliyyətlərin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə ötən  ildə daşınmaz əmlakın qeydiyyat sayı əvvəlki illərlə müqayisədə maksimum həddə çatıb. Bu rəqəm 180 minə yaxın olub.
 
Qeyd edilmişdir ki, "Doing Business-2014" hesabatının reytinq cədvəlində Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. 
 
Daşınmaz əmlaklarla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq. 
 
Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaqdır.
 
Ötən ilin sonlarında komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb. Artıq komitə daxili hazırlıq işlərini yekunlaşdırmışdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. 
 
Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almasıdır. Yəni notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək. Əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək.
 
Digər onlayn xidmət isə vətəndaşlar və hüquq sahiblərinin heç bir ünvana getmədən internet vasitəsilə öz əmlakları barədə zəruri məlumatlar, o cümlədən reyestr və kadastr məlumatlarını almaq imkanı ilə bağlıdır. 
 
Paralel olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ASAN-Xidmət mərkəzlərində daşınmaz əmlakla bağlı mənzillər, əmlak barədə arayışların verilməsi ilə bağlı xidmətlər təşkil edilmişdir. Yeni imzalanmış Fərmana əsasən komitə həmin mərkəzlərdə öz xidmət bölmələri vasitəsi ilə mənzillərin ilkin qeydiyyatı, fərdi yaşayış evlərinin təkrar qeydiyyatı və texniki pasportların verilməsi ilə bağlı xidmətləri təşkil etməkdədir. 
 
Komitə tərəfindən fəaliyyət sahələri üzrə xidmətlərin inkişaf etdirilməsi  istiqamətində vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı seminarlar, təlimlər keçirilir.
 
Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində ictimai institutlarla, qeyri-hökumət təşkilatları, bələdiyyələr ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.  “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində monitorinqlərin nəticələri qiymətləndirilmiş, əldə edilmiş nəticələr təhlil edilmiş və sistemin daha da şəffaflaşdırılması ilə bağlı addımlar müəyyən edilmişdir. 
 
Bütövlükdə qeyd olunan bu tədbirlər nəticə etibarı ilə ölkəmizdə əmlak idarəçiliyinin müasir əsaslarla qurulması və davamlı inkişafı üçün daşınmaz əmlak informasiya sisteminin bərqərar olması, mülkiyyət hüquqlarının qorunması,  tanınması  və əmlakdan səmərəli istifadə edilməsi praktikasının daha da inkişaf etdirəcəkdir.