Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik vətəndaş məmnunluğunu daha da artırır
Bunlara dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtibi, torpaq bazarının və yerquruluşu işlərinin təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması daxildir. Eyni zamanda, mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın kütləvi qiymətləndirilməsini təşkil etmək, dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarını keçirmək kimi vəzifələr təsdiq edilib. Habelə, komitənin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, geodeziya, topoqrafiya, kartoqrafiya, torpaq tədqiqatı işlərini icra etmək, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini dəqiqləşdirmək kimi vəzifələri vardır.
Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi həm dövlət, həm də vətəndaş prizmasından özündə bir sıra sosial-iqtisadi və hüquqi əsasları təmin edir. Bu əsaslar mülkiyyət hüquqlarının tənzimlənməsində həm dövlətin, həm də vətəndaşın mülkiyyət mənafelərinin tam təmin olunmasına zəmin yaradır. Hər bir mülkiyyət növü, o cümlədən torpaq sahələri üzrə detallı, dəqiq və konkret məlumatlar əks olunan elektron bazanın və uçotun yaradılmasını təmin edir. Bununla da, həm dövlətə, həm bələdiyyəyə, həm də vətəndaşa məxsus mülkiyyətin həcmi, ölçüsü, sərhədi, kəmiyyət və keyfiyyət göstəriciləri aydın və dəqiq şəkildə bəlli olacaq.
Yeni qaydalara əsasən, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlanacaq. Yəni vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra biləcəklər. Bu da qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir. Əvvəllər vətəndaşın qeydiyyat prosesində məruz qaldığı əlavə vaxt itkisi artıq aradan qalxacaq. Eyni zamanda, yeni qaydalar mülkiyyət hüquqlarının qeydiyyatını sürətləndirəcək, sənədləşdirilmiş daşınmaz əmlakların sayının artması ilə qeydiyyat arealının genişlənməsinə səbəb olacaq.
Fərmana əsasən, torpaqların səmərəli istifadəsinə və mühafizəsinə nəzarət gücləndiriləcək. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər intensivləşəcək. Torpaqların elmi əsaslarla idarə edilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların sahiblərinə subsidiyaların, kreditlərin verilməsində belə sahələrin həcminin və digər göstəricilərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı müvafiq işlər icra olunacaq. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi sahəsində daha optimal və şəffaf tədbirlər həyata keçiriləcək.
Yeni prosedurların digər üstünlüyü bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılmasıdır. Elektron torpaq uçotu torpaq sahələrinin təkcə fiziki sərhədlərinin uçotunu deyil, həm də onların keyfiyyət göstəricilərini nəzərə alır. Bu barədə məlumatların vahid elektron bazada olması ölkə üzrə vahid mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi və münbitliyinin artırılması üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Fərmanda əksini tapmış mühüm müddəalardan biri də torpaq inhisarçılığının qarşısının alınmasıdır. Torpaq sahələrində mövcud inhisarçılıq hallarının aradan qaldırılması, hər hansı inhisarçılıq mövqeyinə yol verilməməsi məqsədilə kompleks tədbirlər həyata keçiriləcək. İnhisarçılığın qarşısının alınması torpaqların keyfiyyətli istifadəsini, torpaq istifadəsindən gəlirlərin əldə olunmasını, real torpaq istifadəçilərinin sosial rifahının və iqtisadi durumunun yaxşılaşmasını təmin edəcəkdir. Bütün bunlar isə ölkədə torpaq bazarının təşkili və inkişafına, müxtəlif məqsədlər üçün əhəmiyyətli istifadəsinə zəmin yaradacaqdır.