Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Mingəçevirdə hüquqi maarifləndirmə tədbiri keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 fevral 2014-cü il tarixində Mingəçevir şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı növbəti seminar keçirilib. Tədbir Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində baş tutub. Qeyd edək ki, bu ilin əvvəlindən etibarən, komitə tərəfindən respublikanın regionlarında belə hüquqi maarifləndirici seminarların keçirilməsinə başlanılıb. Belə ki, oxşar tədbir ötən ay Lənkəran şəhərində də keçirilib. “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində belə silsilə seminarların ilin sonunadək bütün respublika üzrə keçirilməsi nəzərdə tutulur.
Seminarda Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Mingəçevir, Yevlax şəhərləri və Ağdaş rayonu üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, notariat orqanlarının nümayəndələri iştirak edib.
Seminarın təşkilində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı vətəndaşlar, dövlət qurumları və digər maraqlı tərəflər arasında hüquqi izahat işlərinin aparılmasıdır. Eyni zamanda, qeydiyyat prosedurları barədə ictimai maairfləndirmə, daşınmaz əmlakın qeydiyyatının iqtisadi aspektləri və sosial faydalarının açıqlanması da tədbirin məqsədlərindəndir.
Tədbirdə qeyd olunub ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin aparılması şəffaflığın təmin olunmasında mühüm addımlardandır. Vətəndaşların, dövlət qurumları və ictimai təşkilatların iştirakı ilə belə tədbirlərin təşkili daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində şəffaflığın və effektivliyin artırılmasına böyük töhfədir. Bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır. Daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların aparılmasından öncə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruriliyi vurğulanıb.
Seminarda komitə nümayəndəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı təqdimatla çıxış edib. Daşınmaz əmlakın qeydiyyatı və kadastrının mahiyyəti, hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası aydın şəkildə izah olunub. Qeydiyyat üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib. Dövlət reyestrinin aparılması qaydaları, hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub. Tədbirdə, eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərdən və bu sahədə yeniliklərdən də söz açılıb. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni elektron xidmətdən - əmlak barədə yüklülük arayışlarının (Forma-1) onlayn rejimdə verilməsi barədə ətraflı məlumat verilib. Seminarda həmçinin, daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri, kadastr uçotunun aparılması qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçılara izah olunub.
Tədbirdə vurğulanıb ki, hər bir vətəndaş mülkiyyət hüquqlarının tanınması məsələsində maraqlı olduğundan bu sahədə hüquqi maariflənmənin aparılması son dərəcə əhəmiyyətlidir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində son illər baş verən sürətli inkişaf bu sahənin iqtisadi və sosial faydalarını daha da artırır. Hüquqi bazanın təkmilləşməsi, qeydiyyat prosedurlarının sadələşməsi, qeydiyyat müddətlərin qısaldılması və elektron xidmətlərin tətbiqi bu sahənin inkişafını şərtləndirən əsas amillərdir.
Seminarın sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.