2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir.

Qeydiyyata alınan mülkiyyət hüququnun 58 mindən çoxu (18,7%) ilkin, 252 mindən çoxu (81,3%) isə təkrar qeydiyyatın payına düşür.

Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 0,7%, alqı-satqı üzrə 10,1%, vərəsəlik üzrə 4,3%, bağışlama üzrə 15%, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 16,7% artım müşahidə olunub. (cədvəl 1)

Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr ayları ərzində mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 1,7%, fərdi yaşayış və bağ evləri üzrə 14,7%, qeyri-yaşayış sahələri üzrə 11,6%, qeyri-yaşayış binaları üzrə 10,3% artım, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4%, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7%, torpaq sahələri üzrə isə 0,5% azalma müşahidə olunub. (cədvəl 2)

2026-cı ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınmış mülkiyyət hüquqlarının 90.905-i (29,3%) Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Digər əşya hüququnun dövlət qeydiyyatı

2026-cı ilin yanvar-oktyabr ayları ərzində 56.878 ipoteka və 6.577 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,9% və 12,6% artım deməkdir. (cədvəl 3)

Tərtib olunmuş texniki pasport və plan və ölçü sənədlərinin sayı

2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 219.018 texniki pasport tərtib edilib. (cədvəl 4)