Dövlət Xidmətinin nümayəndəsi Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Mehdi Səmədov Çin Xalq Respublikasının Sanya şəhərində “İqlim dayanıqlılığı və davamlı inkişaf naminə geoməkan bilikləri və innovasiyalar” mövzusunda keçirilən beynəlxalq simpoziumda, eləcə də BMT-nin Asiya və Sakit Okean üzrə Qlobal Geoməkan Məlumatlarının İdarəolunması Regional Komitəsinin (UN-GGIM-AP) 15-ci plenar iclasında iştirak edib.
Beynəlxalq simpozium və plenar iclas çərçivəsində dəyişən ekoloji mühitdə dəniz-torpaq (quru) coğrafi informasiya sistemlərinin (CİS) effektiv idarəedilməsi, iqlim dəyişikliyi ilə mübarizədə geoməkan texnologiyalarının tətbiqi, rəqəmsal xəritəçəkmə və geoməkan məlumatlarının inteqrasiyası istiqamətində geniş müzakirələr aparılıb.
Dövlət Xidmətinin nümayəndəsi “BMT-nin İnteqrasiya olunmuş Geoməkan Məlumatlarının (UN-IGIF) Tətbiqi” mövzusunda çıxış edərək milli səviyyədə geoməkan məlumatlarının idarə olunması, müasir CİS-in tətbiqi və iqlim dayanıqlılığının təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Xidmətin bu kimi beynəlxalq platformalarda təmsil olunması ölkəmizin geoməkan infrastrukturu üzrə qlobal təşəbbüslərə inteqrasiyasını gücləndirir və davamlı inkişaf məqsədlərinə töhfə verir.
