Bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 37,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub.
