Neftçala rayonu Sübh kəndi ünvanında yerləşən əmlak kompleksinin satışı üzrə investisiya müsabiqəsi haqqında elan
NEFTÇALA RAYONU SÜBH KƏNDI ÜNVANINDA YERLƏŞƏN ƏMLAK KOMPLEKSİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN
E L A N I
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonu, Sübh kəndi ünvanında yerləşən əmlak kompleksinin (bundan sonra “əmlak kompleksi”) satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
1. Əmlak kompleksi haqqında məlumat
(01 sentyabr 2026-cı il tarixinə)
Hüquqi ünvanı: Neftçala rayonu, Sübh kəndi
Təyinatı: Balıqçılıq
Əmlak kompleksinin ümumi dəyəri: 4 946 213.0 (dörd milyon doqquz yüz qırx altı min iki yüz on üç) manat
Əhatə etdiyi sahə və tikililərin 134,2 ha, tikililər istehsal təyinatlı olmaqla,
xarakteristikası: xarakteristikası özəlləşdirmə planında verilir
Digər müəssisələrdə iştirak payı: yoxdur
Qeyri-maddi aktivlər: yoxdur
Ekoloji vəziyyəti: qənaətbəxşdir
İşçilərin sayı: yoxdur
Öhdəlikləri: yoxdur
2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
2.1. Əmlak kompleksində mövcud olmuş istehsal sahəsinin fəaliyyətinin bərpası və genişləndirilməsi hesabına onun tam istehsal təyinatlı müəssisə kimi fəaliyyətinin təmin olunması məqsədilə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 8 500 000 (səkkiz milyon beş yüz min) manatdan az olmayan məbləğdə İnvestisiya Proqramının təqdim edilməsi:
2.1.1. nohurlar da daxil olmaqla, mövcud tikili və qurğuların bərpası və ya yenilərinin inşasına dair təkliflər;
2.1.2. balıqların yetişdirilməsi və onların artım tempinin yüksəldilməsi sahəsində müasir texnoloji həllərin tətbiqinə dair təkliflər;
2.1.3. balıqyetişdirmə işinin səmərəliliyinin artırılması məqsədi ilə bir istehsal ili daxilindəki balıqartırma mövsümlərinin sayının artırılmasına dair təkliflər;
2.1.4. istehsal olunan məhsulların çeşidi və/və ya növünün artırılmasına dair təkliflər;
2.1.5. yeni iş yerlərinin yaradılmasına dair təkliflər (100-dən az olmayaraq);
2.1.6. əmlak kompleksinin ərazisinin abadalaşdırılmasına dair təkliflər;
2.1.7. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində hesaba köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
2.2. Əmlak kompleksinin alınması üçün dövlət büdcəsinə 2 000 000 (iki milyon) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).
3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).
3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 200 000 (iki yüz min) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası (zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.
3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
- təsis müqaviləsi və VÖEN-in, habelə rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının fəaliyyətini əks etdirən məlumat;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat və son üç ilin audit olunmuş maliyyə hesabatları (xarici hüquqi şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçı və onun sahibkarlıq fəaliyyəti haqqında məlumat;
- iddiaçının VÖEN-i;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:
- İnvestisiya Proqramı;
- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.
Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və müvafiq qaydada təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.
4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər
4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində əmlak kompleksinin alqı-satqısına dair müqavilənin imzalanmasını;
4.1.2. Əmlak kompleksinin alqı-satqısına dair müqavilə imzalandığı tarixdən:
- təklif etdiyi pul vəsaitinin müqavilədə razılaşdırılacaq müddətdə dövlət büdcəsinə köçürülməsini;
- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramında qeyd edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində hesaba köçürülməsini və ya müvafiq məbləğdə investisiya qoyuluşunun həyata keçirilməsini;
- öhdəlik götürəcəyi sayda, lakin 100-dən az olmayaraq iş yerinin yaradılmasını;
- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə müvafiq (5.900 manat (ƏDV daxil olmaqla)) məbləğdə xidmət haqqının ödənilməsini;
- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.
4.2. İddiaçılar əlak kompleksi ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 19 oktyabr 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1210. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1294), elektron ünvan: office@emlak.gov.az.
4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 20 oktyabr 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 10:00-dan 17:30-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.
4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 21 oktyabr 2026-cı il, saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
