Bişkekdə keçirilən beynəlxalq konfransda Azərbaycanın Avrasiya Məkan Məlumatları İnfrastrukturuna (ESDI) üzvlüyü rəsmi olaraq təsdiqlənib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Avrasiya Məkan Məlumatları İnfrastrukturu (ESDI) İdarəetmə Komitəsinin 12-ci konfransında iştirak edib. Konfrans rəqəmsal transformasiya, geoməkan məlumatlarının idarə olunması və rəqəmsal xəritə texnologiyalarının tətbiqi mövzularına həsr edilib.
“Rəqəmsal transformasiya şəraitində milli məkan məlumatları infrastrukturları:intellektual geoməkan ekosistemi və ərazilərin rəqəmsal əkizləri” mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini qurumun fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatı və ünvan reyestrinin aparılması, daşınmaz əmlakın kadastrı, torpaq münasibətlərinin tənzimlənməsi və Azərbaycanın torpaq fondu kimi bir sıra sahələr barədə məlumat verib.
Tədbirdə üzv ölkələrin təcrübəsi, 3D xəritələrin və peyk təsvirlərinin torpaq idarəçiliyində tətbiqi, habelə ölkələrarası məlumat mübadiləsi məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində Azərbaycanın “ESDI”-yə üzv olması rəsmi olaraq təsdiqlənib.
Sonda tərəflər arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.

Məlumat üçün: Avrasiya Məkan Məlumatları İnfrastrukturu (ESDI) region ölkələri arasında coğrafi və məkan məlumatlarının inteqrasiyasını, standartlaşdırılmasını və qarşılıqlı təhlükəsiz mübadiləsini təmin edən beynəlxalq təşəbbüs qrupudur. Bura Koreya, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Azərbaycan, Tacikistan və Özbəkistan dövlətləri üzvdür.