İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 237.785 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 
Qeydiyyata alınan mülkiyyət hüququnun 45.194-ü (19%) ilkin, 192.591-i (81%) isə təkrar qeydiyyatın payına düşür. 

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin ilk 8 ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 51.504, mənzil – 60.613, torpaq sahəsi – 116.495, qeyri-yaşayış binası – 2.174, qeyri-yaşayış sahəsi – 6.505, əmlak kompleksi – 427 və çoxmərtəbəli yaşayış binaları üzərində – 67 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 69.688-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür. 
  
Texniki pasport və ipoteka müqavilələrinin sayı

2026-cı ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 167.352 texniki pasport tərtib edilib, 43.021-i ipoteka müqaviləsi qeydiyyata alınıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.