İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışların verilməsi, torpaq sahələrinin təyinatının və kateqoriyasının dəqiqləşdirilməsi, kadastr məlumatlarındakı uyğunsuzluqların aradan qaldırılması, bələdiyyə torpaqları, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı müraciətlərə baxılıb.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun olaraq icraata götürülüb.

Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara aidiyyəti dövlət qurumlarına müraciət edilməsi tövsiyə olunub. Mübahisə predmeti olan məsələlərin isə qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı müvafiq izahatlar verilib.