Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.

Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər Bankın ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı, o cümlədən dövlət-özəl tərəfdaşlığı təşəbbüslərinə cəlb olunması və müvafiq maliyyə alətlərindən istifadə imkanlarını nəzərdən keçiriblər.

Bildirilib ki, QDTİB ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın iqtisadi prioritetlərinə uyğun layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.