Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Tacikistana işgüzar səfər edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Tacikistan Respublikasının Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsinin sədri Orif Xocazoda arasında görüş keçirilib.
Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, torpaq münasibətlərinin tənzimlənməsi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, o cümlədən milli məkan infrastrukturunun qurulması, müasir geodeziya texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti Tacikistan Torpaq İdarəetməsi və Geodeziya üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən müəssisə və qurumların işi ilə tanış olub.
Tərəflər daşınmaz əmlakın kadastrı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
