Bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108,1 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində 23 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,6 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 197-si qeyri-yaşayış, 1.439-u torpaq sahələri üzrə olmaqla 1.636 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 108,1 milyon manat vəsait daxil olub.
