BDU-da ƏMDX-nin “Karyera görüşləri” adlı tədbiri keçirilib
Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri” adlı tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd universitetin tələbə və məzunlarını Xidmətdə mövcud olan karyera imkanları, vakansiyalar və təcrübə proqramları haqqında məlumatlandırmaq, onların dövlət sektorunda işə marağını artırmaq olub.
ƏMDX-nin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Hüsaməddin Əlizadə və həmin şöbənin Təlim, inkişaf və qiymətləndirmə sektorunun müdiri Şəmistan Şəmistanzadə tədbir iştirakçılarını Xidmətin tarixi, yaranma mərhələləri və əsas fəaliyyət istiqamətləri ilə tanış ediblər. Xidmətin strukturuna daxil olan qurumlar, həyata keçirdiyi layihələr, müxtəlif ali təhsil müəssisələri ilə qurduğu əməkdaşlıq əlaqələri, tələbə və məzunlara yönəlmiş təcrübə və könüllülük fəaliyyətləri barədə məlumat verilib.
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti, tələbə və məzunlara yönəlmiş xidmətləri, işəgötürənlərlə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
Tədbir çərçivəsində, ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq tələbə və məzunlar üçün nəzərdə tutulan yeni təcrübə proqramları və iştirak imkanları da diqqətə çatdırılıb. Bildirilib ki, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Geodeziya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimiya” kimi ixtisaslar üzrə təhsil alan tələbələr qeyd olunan təcrübə proqramında iştirak edə bilərlər.
Tədbir tələbə və məzunların dövlət qurumlarında karyera qurmaq imkanlarını yaxından tanımalarına və peşəkar inkişaf perspektivləri barədə dolğun təsəvvür əldə etmələrinə şərait yaradıb.
