ƏMDX-nin və BDU-nun əməkdaşları arasında onlayn görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Bakı Dövlət Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib. Məqsəd tələbələrin əmək bazarına adaptasiyası ilə bağlı qarşılıqlı əməkdaşlıq imkanlarını dəyərləndirmək, bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparmaqdır.
Görüşdə Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Şəmistan Şəmistanzadə bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “Yer quruluşu, torpaq və şəhər kadastrı”, “Geologiya” və Xidmətin fəaliyyət istiqamətlərinə uyğun digər ixtisaslarda təhsil alan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi və uğur qazananların gələcəkdə işlə təmin olunmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşı Günel Qurbanova tələbə və məzunların karyera inkişafına yönəlmiş layihələr, icra olunan proqramlar, maarifləndirici tədbirlər, peşəkar bacarıqların artırılmasına xidmət edən təlimlər və məsləhət mexanizmləri haqqında məlumat verib.
Görüşdə Bakı Dövlət Universiteti ilə tələbə və məzunların karyera inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
