Çağrı mərkəzi

Vətəndaşların əmlak məsələləri ilə bağlı 193 Çağrı mərkəzinə edilən müraciətləri operativ həll olunur, hüquqi məsləhətlər verilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bütün fəaliyyət sferasına aid olan müraciətlər 193 vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır.
Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə  torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə-193 Çağrı mərkəzinə ünvanlaya bilərlər. 

Ən son texnologiyalar əsasında hazırlanan Çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.

Çağrı mərkəzinin fəaliyyətində əsas məqsəd vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsidir.

Çağrı mərkəzi ilə müraciətlərin qəbulu və cavablandırılması ödənişsiz həyata keçirilir. Xidmətin səlahiyyətlərinə aid olan suallar daxil olduqda Çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Xidmətə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə şikayət daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyətı struktur bölməyə göndərilir. Həmin struktur, şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir. 

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Vahid Çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı qaynar xəttinə zəng etməklə dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər.

Müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.