Sual-cavab

 1. Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar?

Hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək  seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə özəlləşmədə iştirakı təmin edilir.

2. Dövlət reyestrindən çıxarışda torpağın kənd təsərrüfatı təyinatlı olduğu yazılıb. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək mümkündür?

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikintisi qeyri-qanuni hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır. Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yalnız  “Yaşayış məntəqələri” təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.

3. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və ya qeyri-yaşayış sahəsi digər şəhər və rayonda yerləşirsə vətəndaş hərraca qoşulmaq üçün nə etməlidir?

Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı iştirakçılar müvafiq ünvanlara getməklə yanaşı, onlayn hərrac vasitəsi ilə olduqları məkandan hərraca qoşula bilərlər. Həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac başlayan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub və təqdim olunan elektron xidmətlər siyahısından “Elektron hərrac” xidmətini seçmək lazımdır. Hərraca qeydiyyat zamanı Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən məlumatlar əsasında giriş edib hərracda iştirak etmək mümkündür.

4. 2019-cu ildə tikintisi başa çatdırılmış qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur?

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri aiddir.

Xidmətdən istifadə üçün müvafiq sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etmək olar.

5. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə hansı cərimələr mövcuddur?

Mülkiyyətdə və icarədə olan torpaq sahəsi yalnız məqsədli təyinatına uyğun istifadə olunmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

6. Hərracda sifarişçi iştirak etmədiyi və ya qalib olmadığı halda ödədiyi 10% beh geri qaytarılırmı?

Hərracda iştirak edilmədiyi, iştirak edib qalib olunmadığı və ya sifariş verdikdən sonra  hərracda iştirak etməkdən imtina edib sifarişi ləğv etmək istədiyi halda dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh geri qaytarılır. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə notariusda təsdiq olunmuş formada ərizə ilə müraciət etmək və həmin ərizədə bank hesabını göstərmək lazımdır. Eyni zamanda şəxsiyyəti təsdiq edən sənədin sürətini və ödənmiş behin məbləğini əks etdirən qəbzin sürəti də ərizəyə əlavə olunmalıdır. Beh üçün ödənilən məbləğ şəxsin bank  hesabına geri köçürülür.

7.Elektron çıxarışın hazır olması ilə bağlı mobil nömrəyə SMS bildiriş gəldiyi halda sistemdə hazır çıxarışa necə baxmaq olar?

SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin  Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub təqdim olunan elektron xidmətlər siyahısından “Elektron çıxarışın yoxlanması” elektron xidməti seçilməlidir. Açılan pəncərədə “Qeydiyyat nömrəsi” və “Reyestr nömrəsi” xanalarına müvafiq məlumatları qeyd etdikdən sonra “Axtar” düyməsi sıxılır. Nəticədə ekranda elektron çıxarış əks olunur.

8. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclar hansı ünvanlarda keçirilir?

Bakı şəhəri üzrə hərraclar  Nizami rayonu, Xəlil Rza Ulutürk 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında və regionlar üzrə hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin inzibati binasında keçirilir.

9. MMC tərəfindən tikilmiş binadan mənzil almışam. Həmin mənzilə çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?

İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi öz adına çıxarış ala bilər.

10. Mənzil-tikinti kooperativindən (MTK-dan) mənzil almışam. Çıxarış almaq üçün hansı sənədlərim olmalıdır?

İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:

  1. Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;
  2. Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir)

11. Daşınmaz əmlakın mövcudluğu barədə arayışı necə əldə etmək olar?

Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) 15-ci sıradakı “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə daxil olmaqla onlayn formada da adına daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək mümkündür.

12. Bələdiyyə tərəfindən vətəndaşlara ayrılan torpaqlara dair dövlət reyestrindən çıxarışın alınması üçün hansı sənədlər tələb olunur?

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. 01.12.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur.

Vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Əmlak Xidmətləri Məkanına (Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşa bilər.

13. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı nədir?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

14. Daşınmaz əmlakın dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır?

Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır.

15. Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir?

Daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını 6 iyul 2006-cı il tarixinədək olan dövrdə dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

16. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış kimlərə verilir?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

Eyni zamanda həmin qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.

17. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış neçə gün müddətində verilir?

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış 1 iş günü müddətində verilir.

18. Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətində dövlət qeydiyyatına alınır?

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.

19. İpotekanın dövlət qeydiyyatı neçə gün müddətində aparılır?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır.

20. İpotekanın dövlət qeydiyyatı necə aparılır?

Daşınmaz əmlakın ipotekası haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında ipotekanın dövlət qeydiyyatı aparılır.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş ərizədə nələr göstərilir?

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır?

Hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Onlar aşağıdakılardır:

  • dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
  • hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
  • hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
  • daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
  • daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
  • qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
 23Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq hansı qaydada mübahisələndirilə bilər?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə hansı tələblər qoyulur?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Həmin qanunun 11.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alındığını təsdiq edən sənədin adı nədir?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 

26. Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüquqları hansı qaydada qeydiyyata alınır?

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. 

Həmin qanunun 19.2-ci maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.

Qanunun 19.3-cü maddəsinə uyğun olaraq binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur.

27. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itirildikdə onu yenisi ilə əvəz etmək mümkündürmü?

Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq itirilmiş, məhv olmuş və ya yararsız hala düşmüş kağız çıxarışlarla bağlı yalnız hüquq sahibinin ərizəsi əsasında, hər hansı digər sənəd (polis orqanının arayışı, qəzetdə elan) və ödəniş tələb olunmadan elektron formada çıxarış tərtib edilərək hüquq sahibinə elektron üsulla təqdim olunur.

28. Xarici ölkə vətəndaşı Azərbaycanda torpaq mülkiyyətçisi ola bilərmi?

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bununla yanaşı, 3 halda xarici hüquqi və fiziki şəxslər Azərbaycanda torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər, lakin həmin hüququ 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Bu müddəa Torpaq Məcəlləsinin 49.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, sözügedən maddəyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

29. Torpaqların kateqoriyalara aid edilməsi hansı qanunvericilik normaları ilə müəyyən edilir?

 Torpaqların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və məqsədli təyinatına, hüquqi rejiminə uyğun olaraq  kənd təsərrüfatı,  yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.

30. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi hansı qaydada tənzimlənir?

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə və Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilir. 

31. Torpaqların kateqoriyasının dəyişdirilməsi hansı qaydada həyata keçirilir?

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə - aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə-müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə-torpaq mülkiyyətçiləri tərəfindən müvafiq sənədlər və aidiyyəti qurumların rəyləri təqdim olunmaqla Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmaqla həyata keçirilir.

32. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından hansı hallarda imtina edilir?

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir:

  1. vəsatət “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olmayan subyektlər tərəfindən qaldırıldıqda;
  2. vəsatətdə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilmədikdə;
  3. vəsatətə əlavə olunan sənədlər “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə cavab vermədikdə;
  4. torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi qanunla qadağan edildikdə;
  5. mənafeyinə toxunulduğu halda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi nəzərə alınmadıqda;
  6. kateqoriyası dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda;
  7. respublikanın makroiqtisadi inkişafının perspektivliyi baxımından torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədəuyğun hesab edilmədikdə.

33. Hansı torpaqların kateqoriyalara aid edilməsinə və bir kateqoriyadan digərinə keçirilməsinə yol verilmir?

Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısı, girov qoyulması (ipotekası) və digər əqdlər, habelə başqa məqsədlər üçün istifadəsi ilə nəticələnən torpaqların kateqoriyalara aid edilməsinə və bir kateqoriyadan digərinə keçirilməsinə yol verilmir.