“ŞƏKİ ŞƏRAB” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNDƏKİ DÖVLƏTƏ MƏXSUS PAYIN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA 
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN

E L A N I

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətindəki (bundan sonra “cəmiyyət”) dövlətə məxsus 3 898 812 (üç milyon səkkiz yüz doxsan səkkiz min səkkiz yüz on iki) manat dəyərində olan payı və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşu ilə bağlı ən əlverişli təklif təqdim etmiş və öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

  1. Cəmiyyət haqqında məlumat

(01 noyabr 2021-ci il tarixinə)

Hüquqi ünvanı:

Şəki rayonu, Çələbixan qəsəbəsi

Əsas fəaliyyət növü:

Üzümdən şərab istehsalı və satışı

Nizamnamə kapitalı:

4 500 000 (dörd milyon beş yüz min) manat

Əhatə etdiyi sahə və tikililərin 

xarakteristikası:

cəmiyyətin Texniki pasportunda göstərilmişdir

Cəmiyyətin digər müəssisələrdə iştirak payı:

yoxdur

Qeyri-maddi aktivlər:

yoxdur

Cəmiyyətinin ekoloji vəziyyəti:

qənaətbəxş

Ştat üzrə işçilərin sayı:

31 nəfər

Cəmiyyətin öhdəlikləri:

535 744 (beş yüz otuz beş min yeddi yüz qırx dörd) manat

o cümlədən,

- dövlət büdcəsinə olan borclar

40 467 (qırx min dörd yüz altmış yeddi) manat

- DSMF-yə olan borclar

16 397 (on altı min üç yüz doxsan yeddi) manat

- əmək haqqı və ona bərabər tutulan

borclar

36 856 (otuz altı min səkkiz yüz əlli altı) manat

- sair borclar

442 024 (dörd yüz qırx iki min iyirmi dörd) manat

Debitor borcları:

233 245 (iki yüz otuz üç min iki yüz qırx beş) manat

  1. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1. Cəmiyyətin fəaliyyətinin canlandırılması və genişləndirilməsi, ölkədə şərabçılığın inkişaf etdirilməsi və rəqabət qabiliyyətli ixracyönümlü məhsul istehsalının təşkili məqsədilə aşağıdakı məsələləri özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 4 200 000 (dörd milyon iki yüz min) manatdan az olmayan məbləğdə İnvestisiya Proqramının təqdim edilməsi:

  • mövcud bina və tikililərin müasir standartlara uyğun yenidənqurulması və yeni istehsal sahələrinin yaradılmasına dair təkliflər;
  • yeni avadanlıq və texnologiyaların, o cümlədən anbar və laboratoriya avadanlıqlarının alınmasına dair təkliflər;
  • mövcud avadanlıq və texnikaların təmiri və bərpasına dair təkliflər;
  • istehsal olunan məhsulun çeşidinin artırılması, habelə qazlı şərab və tünd spirtli içkilər istehsalının və ixracının təşkilinə dair təkliflər;
  • yeni üzüm bağlarının salınması və üzüm xammalının alınması ilə bağlı fermerlərlə əməkdaşlığın genişləndirilməsinə dair təkliflər;
  • cəmiyyətin infrastruktur təminatının yaxşılaşdırılması, qaz təchizatının təmin edilməsinə dair təkliflər;
  • yeni iş yerlərinin (mövsümi iş yerləri daxil olmaqla) yaradılmasına dair təkliflər;
  • alqı-satqı müqaviləsi imzalandığı tarixdən sonrakı 30 (otuz) gün müddətində təklif olunmuş investisiya həcminin müəyyən hissəsinin (5%-ə qədər) pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına ödənilməsinə dair təklif.

2.2. Cəmiyyətdəki dövlətə məxsus payının alınmasına görə dövlət büdcəsinə 1 600 000 (bir milyon altı yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).

  1. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 000 000 (bir milyon) manat məbləğində vəsaitin beh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır. 

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

  • təsis sənədlərinin (təsis müqaviləsi, nizamnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq olunmuş surəti;
  • iddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
  • hüquqi şəxsin fəaliyyətini və icra etdiyi layihələri əks etdirən məlumat (hüquqi şəxs yeni yaradıldıqda, bu məlumat onun afilə edilmiş şəxsləri və tərəfdaşları ilə birlikdə icra etdiyi layihələr üzrə təqdim oluna bilər);
  • Azərbaycan Respublikasının ərazisindəki fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);
  • behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.).

3.4. İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

  • şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşın pasportunun) müvafiq qaydada təsdiq edilmiş surəti;
  • iddiaçı haqqında məlumat;
  • iddiaçının sahibkarlıq fəaliyyəti haqqında məlumat və VÖEN;
  • Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
  • behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.)

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinin həcminə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidir. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində cəmiyyətin dövlətdə olan payının alqı-satqı müqaviləsinin imzalanmasını;

4.1.2. Cəmiyyətin dövlətdə olan payının alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini; 

- müqavilədə razılaşdırılacaq şərtlərlə cəmiyyətin kreditor borclarının ödənilməsinin təmin edilməsini (restrukturizasiya daxil olmaqla);

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 7 080 (yeddi min səksən) manat məbləğində vəsaitin (ƏDV daxil olmaqla) ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda yeni iş yerlərinin yaradılmasını (mövsümi iş yerləri daxil olmaqla); 

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar cəmiyyətin fəaliyyəti və müvafiq sənədlərlə (Özəlləşdirmə planı (emissiya prospekti) daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 23 dekabr 2021-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Xidməti, otaq 810. Əlaqə telefonları: 490 24 08 (əlavə 191), elektron ünvan: office@emlak.gov.az.

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 23 dekabr 2021-ci il tarixinədək iş günləri saat 1000-dan 1700-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır. 

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 24 dekabr 2021-ci il, saat 1200-dan başlayaraq həyata keçiriləcəkdir.